28 aprel 2025 at 16:04
Jurnalist kodu: 5564
Xəbər kodu: 85816886
T T
0 Persons
Prezident Pezeşkiyan: İran və Azərbaycan regionda sülh və təhlükəsizlik yarada bilər

Tehran - İRNA - Prezident Məsud Pezeşkiyan İlham Əliyevlə birgə mətbuat konfransında deyib: “İran və Azərbaycan bir-birinin köməyi ilə regionda sülh və təhlükəsizlik bərqərar edə, əməkdaşlıq yolu ilə problemləri həll edə bilər.”

Məsud Pezeşkiyan bazar ertəsi Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransında İlham Əliyevə qonaqpərvərliyinə görə minnətdarlığını bildirərək deyib: “Mən Azərbaycan Prezidentinə regiona, Azərbaycana və iki ölkə arasındakı münasibətlərə xüsusi perspektivinə görə təşəkkür edirəm. Biz bütün mümkün sahələrdə bir-birimizlə əməkdaşlıq edə bilərik.”

Prezident İranla Azərbaycan arasındakı münasibətləri tarixi hesab edərək deyib: “İki ölkə qonşu kimi hər zaman bir-birini dəstəkləyir. Bizim bu regionda dini, etiqadi və siyasi baxımdan çoxlu ortaq cəhətlərimiz var. Biz bu ortaq cəhətlərə ümid edirik və onlarla fəxr edirik. Biz bu ortaq cəhətlərə əsaslanaraq əlaqələrimizi genişləndirməyə çalışırıq.”

Prezident İranla Azərbaycan arasında bağlanan müqavilələri strateji və vacib adlandıraraq deyib: “Əziz qardaşım İlham Əliyev Azərbaycan Respublikasının hörmətli məmurlarına və nazirlərinə birgə strateji planın həyata keçirilməsi ilə bağlı göstəriş verdi. Biz də Xarici İşlər nazirindən bu daha dərin strateji planı davam etdirməyi istədik ki, beləliklə bütün elmi, siyasi, iqtisadi, təhlükəsizlik və s. sahələrdə birgə əməkdaşlıq edə bilək.”

“İran və Azərbaycan bir-birinin köməyi ilə regionda sülh və təhlükəsizlik bərqərar edə, əməkdaşlıq yolu ilə problemləri həll edə bilər. Əgər bütün İslam ölkələri və qonşular əl-ələ versələr, bir-birinin ərazi bütövlüyünə hörmət etsələr, ortaq fikirlər üzərində razılaşmaqla bütün sahələrdə əməkdaşlıq edə və münasibətlərimizi genişləndirə bilərik” - deyə, doktor Pezeşkiyan əlavə edib.

Prezident sonra deyib: “Çalışmalıyıq ki, aramızda maliyyə və ticarət əlaqələrini genişləndirək, kommunikasiyaları, yolları yaxşılaşdıraq, bir-birimizin köməyi ilə dəhlizlər yaradaq, istehsalçılarımız da bir-birinin köməyi və dəstəyi ilə istehsal etsinlər. Elmdə, mədəniyyətdə, istehsalatda və siyasətdə birlikdə olsaq, bəzi insanların ünsiyyətimizi pozmasına, aramızda fikir ayrılığı yaratmasına icazə verməyəcəyik.”

Prezident İran və Azərbaycan Respublikası arasında ümumi cəhətləri və əlaqələri vurğulayaraq deyib: “Əziz qardaşım Prezident İlham Əliyevdə gördüyüm əzm və iradə ilə, digər tərəfdən də İran İslam Respublikasının dost və qardaş ölkə Azərbaycanla əlaqələrini genişləndirmək iradəsi ilə, Allahın köməyi ilə, bütün razılaşmaları həyata keçirəcəyik.”

Sonda Pezeşkiyan qonaqpərvərliyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək vurğulayıb: “Biz Azərbaycan Respublikası ilə razılaşmaları tam şəkildə yerinə yetirmək əzmindəyik və Allahın köməyi ilə biz İran, Azərbaycan və Yaxın Şərq regionu üçün yeni plan və daha yaxşı gələcək yaradacağıq.”

Azərbaycanda olanda özünü yad ölkədə hiss etmədiyini bildirərən Prezident deyib: “Ümidvaram ki, biz ölkələrimiz arasında iqtisadi, mədəni, elmi, təhlükəsizlik və hərbi sahələrdə əlaqələri genişləndirəcəyik və ölkələrimizin gələcək nəsilləri üçün bir-biri ilə sağlam münasibətlərlə güclü şəkildə fəxr edə biləcək bir gələcək quracağıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .